Bütün İslam Kitabxanası

89 - Dan yeri - Al-Fajr

:1

And olsun dan yerinə;

:2

And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);

:3

And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);

:4

And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!

:5

Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!

:6

(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!

:7

Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!

:8

(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.

:9

(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!

:10

Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!

:11

O kəslər ki, məmləkətlərdə tüğyan edir,

:12

Oralarda çoxlu fitnə-fəsad törədirlər.

:13

Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.

:14

Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.

:15

İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”–deyər.

:16

Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.

:17

Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).

:18

Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.

:19

Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).

:20

Mal-dövləti isə lap çox sevirsiniz.

:21

Xeyr! Yer dağılıb parça-parça olacağı;

:22

Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı

:23

Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!

:24

O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.

:25

O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!

:26

(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!

:27

(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)

:28

Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!

:29

(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!

:30

(Onlarla birlikdə) Cənnətimə varid ol!”