Bütün İslam Kitabxanası

88 - Bürüyən - Al-Ghāshiyah

:1

(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?

:2

(O gün) bir çox üzlər zəlil görkəm alacaq;

:3

(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;

:4

Yanar oda girəcəkdir;

:5

Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.

:6

Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.

:7

(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.

:8

(O gün) bir çox üzlər sevinəcək;

:9

(Dünyadakı) zəhmətindən razı qalacaq;

:10

(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,

:11

Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.

:12

Orada axar bulaq;

:13

Orada uca taxtlar;

:14

(Çeşmələr kənarında) piyalələr;

:15

Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar

:16

Və döşənmiş (nəfis) xalılar vardır!

:17

Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

:18

Göyə (baxmırlar ki) necə ucaldılmışdır?

:19

Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?

:20

Və yerə (baxmırlar ki) necə döşədilmişdir?

:21

(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

:22

Sən onların üzərində hakim deyilsən!

:23

Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə

:24

Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!

:25

Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

:26

Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!