Bütün İslam Kitabxanası

87 - Ən uca - Al-'A`lá

:1

(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!

:2

O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.

:3

O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.

:4

O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.

:5

Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.

:6

(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;

:7

Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

:8

Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.

:9

(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!

:10

(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

:11

Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.

:12

(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.

:13

Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)

:14

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.

:15

O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

:16

Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!

:17

Halbuki axirət daha xeyirli və daha baqidir.

:18

Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -

:19

İbrahimin və Musanın kitablarında!