Bütün İslam Kitabxanası

90 - Şəhər - Al-Balad

:1

And içirəm bu şəhərə (Məkkəyə) -

:2

Sənin yaşadığın (sənə halal olan) şəhərə;

:3

And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,

:4

Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)

:5

Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?

:6

Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?

:7

Məgər o heç kəsin onu görmədiyini güman edir?!

:8

Məgər Biz ona iki göz vermədikmi?!

:9

Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!

:10

Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!

:11

Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi).

:12

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!

:13

(O) bir kölə azad etməkdir;

:14

Yaxud aclıq günü (zamanı) yemək verməkdir -

:15

Qohumluq əlaqəsi çatan bir yetimə.

:16

Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!

:17

Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!

:18

Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)

:19

Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)

:20

Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)