Bütün İslam Kitabxanası
1

Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.

2

(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).

3

O səhifələrdə doğru-dürüst hökmlər vardır.

4

Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).

5

Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

6

Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.

7

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.

8

Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!