Bütün İslam Kitabxanası

96 - Laxtalanmış qan - Al-`Alaq

:1

(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!

:2

O, insanı laxtalanmış qandan yaratdı.

:3

(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

:4

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

:5

(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

:6

Xeyr, insan azğınlıq edər,

:7

Özünün dövlətli olduğunu gördüyü üçün!

:8

Axı sənin axır dönüşün Rəbbinədir!

:9

Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur

:10

Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?

:11

Bir de görək, əgər o doğru yoldadırsa,

:12

Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!

:13

(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,

:14

Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!

:15

Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -

:16

Özü də yalançı, günahkar kəkilindən!

:17

Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!

:18

Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!

:19

Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!