Bütün İslam Kitabxanası

93 - Səhər - Ađ-Đuĥaá

:1

And olsun səhərə;

:2

And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

:3

(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

:4

Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

:5

Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

:6

Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

:7

Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

:8

Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

:9

Elə isə yetimə zülm etmə!

:10

Dilənçini də (qapıdan) qovma!

:11

Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!