Bütün İslam Kitabxanası

92 - Gecə - Al-Layl

:1

And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

:2

And olsun işıqlanmaqda olan gündüzə;

:3

And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

:4

Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).

:5

Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

:6

Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

:7

Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

:8

Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

:9

Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

:10

Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

:11

(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

:12

Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).

:13

Axirət də Bizim, dünya da Bizimdir!

:14

(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

:15

Ora ancaq azğın (kafir) daxil olar.

:16

O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

:17

Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

:18

O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

:19

O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

:20

O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

:21

And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!