Bütün İslam Kitabxanası

83 - Çəkidə və ölçüdə aldadanlar - Al-Muţaffifīn

:1

Vay halına çəkidə və ölçüdə aldadanların!

:2

O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

:3

Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

:4

Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!

:5

Özü də dəhşətli bir gündə?!

:6

O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!

:7

Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

:8

Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)

:9

O, yazılı bir kitabdır!

:10

O gün vay halına yalan sayanların!

:11

O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

:12

Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

:13

Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.

:14

Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.

:15

Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

:16

Sonra Cəhənnəmə varid qalacaqlar.

:17

Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.

:18

Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!

:19

Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!

:20

O, yazılı bir kitabdır.

:21

Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!

:22

Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.

:23

Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.

:24

Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!

:25

Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.

:26

Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

:27

Ona təsnim (suyu) qatılmışdır.

:28

O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).

:29

Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.

:30

(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.

:31

Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.

:32

Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.

:33

Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.

:34

Bu gün isə mö’minlər kafirlərə güləcəklər.

:35

Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).

:36

Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)