Bütün İslam Kitabxanası

82 - Parçalanma - Al-'Infiţār

:1

Göy parçalanacağı zaman;

:2

Ulduzlar dağılıb səpələnəcəyi zaman;

:3

Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;

:4

Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;

:5

Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!

:6

Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?

:7

O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.

:8

Sənə Özü istədiyi surətdə biçim verdi.

:9

Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!

:10

Sizin üstünüzdə gözətçi mələklər -

:11

(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.

:12

Onlar sizin nə etdiklərinizi bilirlər.

:13

Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar tutacaqlar.

:14

Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.

:15

Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.

:16

Onlar əsla oradan çıxan deyillər!

:17

(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!

:18

Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)

:19

O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!