Bütün İslam Kitabxanası

85 - Bürclər - Al-Burūj

:1

And olsun bürclər sahibi olan göyə;

:2

And olsun və’d olunmuş günə (qiyamət gününə);

:3

And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,

:4

(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər.

:5

O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.

:6

O zaman onlar (xəndəklərin) kənarında oturub,

:7

(Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.

:8

Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.

:9

O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!

:10

Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.

:11

İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!

:12

Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!

:13

Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!

:14

(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.

:15

Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!

:16

O, istədiyini edəndir.

:17

(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-

:18

Fir’on və Səmud (ordularının)?

:19

Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.

:20

Onların bütün ixtiyarı Allahın əlindədir!

:21

Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!

:22

O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)