Bütün İslam Kitabxanası

80 - Qaşqabağını tökdü - `Abasa

:1

(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.

:2

Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.

:3

Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!

:4

Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!

:5

(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,

:6

Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).

:7

Onun (küfrdən) təmizlənməsindən sənə nə?!

:8

Yüyürə-yüyürə sənin yanına gələn

:9

Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,

:10

Sən ondan üz çevirirsən!

:11

Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.

:12

Kim istəsə, ondan öyüd alar.

:13

(Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -

:14

(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).

:15

(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).

:16

(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.

:17

Ölsün (kafir) insan! O nə nankordur!

:18

(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?

:19

(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.

:20

Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.

:21

Sonra onu öldürüb qəbrə qoydu.

:22

Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

:23

Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.

:24

İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).

:25

Həqiqətən, Biz yağışı bol yağdırdıq.

:26

Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),

:27

Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;

:28

Üzüm və yonca;

:29

Zeytun və xurma (bağları);

:30

(Ağacları bir-birinə) sarmaşan bağçalar;

:31

(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.

:32

(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!

:33

Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);

:34

O gün insan qaçacaq öz qardaşından;

:35

Anasından, atasından;

:36

Zövcəsindən və oğullarından!

:37

O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).

:38

O gün bir çox üzlər parlayacaq,

:39

Güləcək, sevinəcəkdir.

:40

O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,

:41

Onları zülmət (yaxud his) bürüyəcəkdir.

:42

Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!