Bütün İslam Kitabxanası

77 - Göndərilənlər - Al-Mursalāt

:1

And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);

:2

And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);

:3

And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;

:4

And olsun (haqla batili) ayıranlara;

:5

And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-

:6

(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,

:7

Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!

:8

Ulduzlar sönəcəyi;

:9

Göy yarılacağı;

:10

Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);

:11

Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,

:12

(Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”

:13

(Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”

:14

Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!

:15

O gün vay halına (qiyaməti) yalan sayanların!

:16

Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!

:17

Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.

:18

Biz günahkarlarla belə rəftar edirik.

:19

O gün vay halına (qiyaməti) yalan sayanların!

:20

Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!

:21

Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,

:22

Müəyyən bir vaxta qədər.

:23

Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!

:24

O gün vay halına (qiyaməti) yalan sayanların!

:25

Məgər Biz yeri məskən etmədikmi

:26

Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).

:27

Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

:28

O gün vay halına (bu ne’mətləri) yalan sayanların!

:29

(O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!

:30

Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”

:31

O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.

:32

O (hər biri) bir saray boyda qığılcımlar saçar.

:33

O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.

:34

O gün vay halına (qiyaməti) yalan sayanların!

:35

Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.

:36

Onlara üzr istəməyə izin də verilməz.

:37

O gün vay halına (qiyaməti) yalan sayanların!

:38

Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!

:39

(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!

:40

O gün vay halına (qiyaməti) yalan sayanların!

:41

Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,

:42

İstədikləri meyvə içində olacaqlar!

:43

(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!

:44

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

:45

O gün vay halına (qiyaməti) yalan sayanların!

:46

(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)

:47

O gün vay halına (qiyaməti) yalan sayanların!

:48

Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!

:49

O gün vay halına (qiyaməti) yalan sayanların!

:50

(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!