Bütün İslam Kitabxanası

75 - Qiyamət - Al-Qiyāmah

:1

And içirəm qiyamət gününə;

:2

And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)

:3

Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

:4

Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!

:5

Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.

:6

Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.

:7

Göz (heyrətdən) bərələcəyi;

:8

Ay tutulacağı;

:9

Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -

:10

Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.

:11

Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!

:12

O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!

:13

O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!

:14

Doğrusu, insan özü-özünə şahiddir!

:15

O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!

:16

(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!)

:17

Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.

:18

Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.

:19

Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!

:20

Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.

:21

Axirəti isə tərk edirsiniz.

:22

O gün neçə-neçə üzlər sevinib güləcək,

:23

Öz Rəbbinə baxacaqdır!

:24

O gün neçə-neçə üzlər tutulub qaralacaq,

:25

(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!

:26

Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,

:27

“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,

:28

(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,

:29

Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,

:30

Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!

:31

Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.

:32

Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.

:33

Sonra da özünü darta-darta ailəsinin yanına getdi.

:34

Vay sənin halına, vay!

:35

Yenə də vay sənin halına, vay!

:36

Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!

:37

Məgər o tökülən bir qətrə nütfə deyildimi?!

:38

Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).

:39

Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.

:40

Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!