Bütün İslam Kitabxanası

69 - Haqq olan - Al-Ĥāqqah

:1

Haqq olan qiyamət!

:2

Nədir qiyamət?!

:3

Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)

:4

Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!

:5

Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.

:6

Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.

:7

Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

:8

İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

:9

Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.

:10

Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

:11

Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.

:12

Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!

:13

Sur bircə dəfə üfürüləcəyi;

:14

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -

:15

Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!

:16

Və (göy) süst düşüb parçalanacaqdır!

:17

Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!

:18

O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!

:19

Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!

:20

Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”

:21

Bundan belə o, xoş güzəran içində,

:22

Yüksək bir Cənətdə olacaqdır.

:23

(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).

:24

(Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”

:25

Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!

:26

Hesabımın nə olduğunu bilməyəydim!

:27

Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)

:28

Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).

:29

Mülküm (səltənətim) də məhv olub getdi!”

:30

(Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın!

:31

Sonra da Cəhənnəmə atın!

:32

Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!

:33

Çünki o, böyük olan Allaha inanmırdı.

:34

O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.

:35

Bu gün bax burda onun yaxın bir dostu yoxdur.

:36

İrindən başqa bir yeməyi də yoxdur.

:37

Onu ancaq günahkarlar yeyər!”

:38

And içirəm gördüklərinizə,

:39

Və görmədiklərinizə ki,

:40

Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!

:41

O, şair sözü deyildir! Nə az inanırsınız!

:42

O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

:43

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

:44

Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi,

:45

Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!

:46

Sonra onun şah damarını qopardardıq!

:47

Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.

:48

Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir.

:49

(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

:50

Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).

:51

Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir.

:52

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!