Bütün İslam Kitabxanası

56 - Vaqiə - Al-Wāqi`ah

:1

Qiyamət vaqe olacağı (qopacağı) vaxt

:2

Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!

:3

O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.

:4

Yer hərəkətə gəlib şiddətlə titrədiyi,

:5

Dağlar parça-parça olub ovxalandığı

:6

Və toz kimi səpələndiyi zaman

:7

Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:

:8

Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)

:9

Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)

:10

Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)

:11

Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.

:12

Onlar Nəim cənnətlərində olacaqlar.

:13

(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

:14

Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).

:15

(Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,

:16

Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.

:17

Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;

:18

(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.

:19

(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.

:20

(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr

:21

Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).

:22

(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.

:23

(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.

:24

Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.

:25

Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.

:26

Eşitdikləri söz ancaq “salam” olacaqdır.

:27

Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?

:28

(Onlar) tikansız sidr ağacları,

:29

Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;

:30

Çəkilməyən (daimi) kölgəliklərdə;

:31

Axar su kənarında;

:32

Bol meyvələr –

:33

Tükənməz və qadağan edilməyən (meyvələr) içində

:34

Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!

:35

Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!

:36

Onları bakirə qızlar,

:37

Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

:38

Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!

:39

(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

:40

Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).

:41

Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?

:42

(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,

:43

Qapqara duman kölgəsində olacaqlar!

:44

(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.

:45

Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər.

:46

Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.

:47

Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!

:48

Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”

:49

(Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,

:50

Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.

:51

Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!

:52

Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,

:53

Qarınlarınızı onunla dolduracaqsınız.

:54

Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.

:55

Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.

:56

Bu onların haqq-hesab günündəki ziyafətidir.

:57

(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?

:58

Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?

:59

Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!

:60

Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,

:61

(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!

:62

And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!

:63

Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?

:64

Onu bitirən sizsiniz, yoxsa Biz?!

:65

Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:

:66

“Biz ziyana uğramış,

:67

Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).

:68

Bəs içdiyiniz suya nə deyirsiniz?

:69

Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!

:70

Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür etmirsiniz?

:71

Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?

:72

Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?

:73

Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.

:74

Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!

:75

Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –

:76

Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –

:77

(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.

:78

(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).

:79

Ona yalnız pak olanlar toxuna bilər!

:80

(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

:81

İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)

:82

Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?

:83

(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman

:84

Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).

:85

Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!

:86

Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,

:87

Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!

:88

Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,

:89

(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!

:90

Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),

:91

(Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).

:92

Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,

:93

(Ona) qaynar su ziyafəti veriləcək

:94

Və özü də Cəhənnəmə atılacaqdır.

:95

Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!

:96

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)