Bütün İslam Kitabxanası

54 - Ay - Al-Qamar

:1

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.

:2

Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.

:3

Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

:4

And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

:5

(Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

:6

Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!

:7

Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

:8

Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

:9

Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.

:10

(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.

:11

Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

:12

Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.

:13

Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.

:14

(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.

:15

And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

:16

Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

:17

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

:18

Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

:19

Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.

:20

O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.

:21

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

:22

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

:23

Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

:24

Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!

:25

Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”

:26

(Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!

:27

Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!

:28

Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!”

:29

Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.

:30

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

:31

Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.

:32

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

:33

Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

:34

Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;

:35

Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə mükafatlandırırıq!

:36

And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.

:37

Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik).

:38

And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).

:39

(Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).

:40

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

:41

And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə də gəlib çatmışdı.

:42

Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.

:43

(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!

:44

Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?

:45

(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!

:46

Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).

:47

Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).

:48

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).

:49

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.

:50

Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!)

:51

And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

:52

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!

:53

Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!

:54

Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,

:55

(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!